TƏLƏBƏLİK İLLƏRİ
Universitetə qəbul olan dostlarıma həmin yollardan keçmiş birisi kimi kiçik tövsiyələrimi vermək istəyirəm. Bir mənalı olmasın deyə olacaqları, müxtəlif istiqamətlərdən izah edəcəm. Seçimi özünüz edin
İlk deyəcəyim, filmlərdə gördüyünüz o şən, partili, gününüzün gün edəcəyiniz bir ömür gözləmir sizi. (təbii ki bu əksəriyyətə aiddir, amma qrup və ADA kimi prestiji yüksək ortama aid deyil)
Haqqınızı tapdalamağa çalışacaqlar. Buna qarşı mövqeyinizi sərgiləyin. Sussanız bunu böyüdəcək, oxuduğunuz dərsdən kəsiləcəksiniz də. Haqqqınızı müdafiə etməyi bacarsanız və qrup şəklində etsəniz, sizə batan olmaz. Qrupun söz birliyi, haqqını tələb etməyə marağının olması əvvəldə müqavimətlə qarşılaşacaq, amma rəhbərlik ən sonda tabe olacaq. Məcburdur buna. Yox, deyirsəniz bizə tək diplom lazımdır. Təhsil önəmli deyil, haqqımız da maraqlı deyil, başınızı aşağı salıb, gedin-gəlin. Kəsilsəniz də rüşvətinizi verin, dərsdən keçin. Biraz artıq versəniz “zərbəçi” belə edərlər.
Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi sizi özünə çəkməyə çalışacaq. Universitet zamanımda maraqlı gəlmişdi deyə qatılmışdım. 1 il aktiv iştirak etdim. Faydası sadəcə tədbir adı ilə dərsdən yayınmaq idi ki, tövsiyə etmirəm. Yox, dövlət işində işləmək, universitetdə qalıb, işləmək kimi fikriniz varsa, qatılın və aktiv olun. Hətta universitetin tərkibində olan (bütün universitetlərdə yalnız YAP-ın təmsilçiliyi olur) partiyaya qatılın. Kostyum geyinərək, universitetdə gəzə və TGT tərkibində olan bir kluba rəhbər seçilərək, öz könüllülərinizə (alt qruplara) tapşırıqlar verə, 4-cü kursda 1-ci kurs tələbələri ilə ilk görüş üçün uğurlu yol seminarı keçə bilərsiniz.
Yaşlı müəllimlər çox olacaq. Sizi sistemləşdirməyə çalışacaq, öz bildiyi kimi dəyişməyə çalışacaq. Ona görə dərsdə gülən tələbə belə savadsız, hörmətsiz, gələcəyin “küçə süpürəni”dir (mədəniyyətsiz olduqlarını, sizə bu kimi ifadələr işlədərək bildirəcəklər). Sizdən ancaq dərs oxumağınızı, ev-dərs preiodu keçməyinizi istəyəcəklər.
Dərs-ev prinsipi ilə universitetə gedirsəniz, təhsil həyatından sonra iş tapmaqda çətinlik çəkəcəksiniz. Dərsinizi təbii ki oxuyun, amma paralel olaraq yaradıcı, öz sahənizlə əlaqəli, ya sahənizə yaxın ixtisaslara aid təlimlərə, seminarlara qatıla, kitablar oxuya bilərsiniz. Xarici dilinizi mükəmməlləşdirin. Sonrakı mərhələdə bu heç asan deyil, bunu öz təcrübəmdən deyə bilərəm. İşinizlə bərabər çatdıra bilməyəcəksiniz.
Yaxşı dərs oxusanız, qiymətləriniz yaxşı olacaq. hətta “qırmızı diplom” belə ala bilərsiniz. Amma təhsilinizdən sonra problemli olacaq. Əsasən də, oğlanlar üçün. Təhsildən sonra hərbi xidmət keçməsi onları 1 il də geri atır. İşə müraciət edərkən isə təcrübə istəyirlər. Təzdən 2-3 il təcrübə üçün getməlidir, ya da aşağı əmək haqqı ilə, başqa işdə işləməli olacaqsınız.
Təcrübə proqramlarına qatılın. Seçim edərkən qatılacağınız müəssisənin sizə qazandıracağını, sizin üçün nə kimi xeyiri olacağını düşünün. Gələcəknə öz ixtisasınızdan kənar iş görəcəksinizsə, həmin sahəyə daha çox zaman ayırın. Çünki onu təzdən öyrənmək şansınız olmayacaq. Yaranmış fürsətdir ki, təhsilinizlə paralel öyrənə bilərsiniz.
Nitqinizi düzəldin, yazma qabiliyyətinizi artırın. Artıq xətti gözəl olan insanları işə götürmürlər. Sürətli komputerdə işləməyi bacaranları işə dəvət edirlər. Sosial media üzərindən ciddi profil yaradın. Yalnız instagram açıb, kafelərdən şəkillər paylaşmayın. “Public” hesab edəcəksənizsə, ən əsası da. Linkedin, Facebook kimi sosial şəbəkədə ciddi görünüş formalaşdırmağa çalışın, aktiv olun. Müzakirələrdə, söhbətlərdə iştirak edin. Siyasətə də maraqlı olsanız, qatılın. Əgər bu müxalif yönümlüdürsə, universitet rəhbərliyindən gizlədin.
Haqqın tərəfdarı olsanız, müəllimin. rəhbərliyin haqsızlığına qarşı çıxsanız, bir ayağınız dekanlıqla, rektoratlıq qapısında olacaq. Töhmətlər və daha ağır cəza ala bilərsiniz. Təbii ki buna hazırlıqlı olsanız, hüququnuzu bilib, axırına qədər savaşsanız xeyrini görəcəksiniz. Çox insana da nümunə olarsınız. Yox, deyirsinizsə ki, mən “siyaətə qarışmıram” “başımı ağrıtmayım” dərs-ev prinsipi ilə gedib gələ bilərsiniz. Susmalız.
Xarici dilinizi artırdıqdan sonra həm xarici ölkə praktikası üçün, həm dilinizi möhkəmləndirmək üçün proqramlarla 1-2 semestrlik başqa ölkəyə gedə bilərsiniz.
Dostlar qazanın. Amma bunu rəqəm olsun deyə etməyin, filan qədər dostum var. Sizinlə gələcəkdə iş görə biləcək insanlar qazanın. Sizin profilinizi yaradacaq şəxslər olsun. Əgər biznes sahəsində inkişaf etmək istəyirsənizsə, bu sahəyə maraqlı insanlarla ünsiyyət qurun. Universitetdən maraqlı insanlarla yarışlara qatılın, təcrübə qazanın. Bu dostluqlar gələcəkdə sizi müttəfiq edəcək. Seminarlardan, təlimlərdən qazandığınız dostlarınızla da əlaqələri kəsməyin. Onlar da sizin üçün gələcək həyatınızda şərikdir. Dəstəkləşə bilərsiniz. Səmimi və dürüst olacağınız təqdirdə heç birini itirməyəcəksiniz.
Əlavə komputer proqramlarını öyrənin. Günümüzdə və sahənizə aid ən işlək proqramlardan xəbərdar olun. Minimum da olsa, iş müsahibəsində cavab verə biləsiniz. Sizdən iş başda böyük bir iş istəməyəcəklər, gerisini də işləyərək öyrənəcəksiniz.
Danışmaqdan qorxmayın. Nitqinizi, fikrinizi səlis ifadə etməyi öyrənin. Bu sizin üçün çox dəstək olacaq. İnandırma bacarığınızı formalaşdıracaq. Çoxlu kitablar oxumaq, mütaliə etmək, internetdən təlimlər izləmək daimi proqramınız olsun. Film izləməyi və fürsət düşdükcə gəzməyi unutmayın. Həyatınızın ən gözəl günləri olmalı və unudulmaz edilməli bir dövrdü.
Universitetə daxil olan kimi ilk gördüyünüz qadına yaxınlaşıb eşq elan etməyin. Bir müddət tanımağa çalışın. Dost kimi tanıyın, necə birisidir. Müəllimimiz bizə bir məsləhət vermişdi. Bizə: sevməyə tələsməyin, kiminsə sırf mənim də var deyə münasibət qurmayın. Evlənərkən düşünün, mən bununla bir ömür yaşayacammı? Bununla həyat necə olar? Axşam evə gəldiyinizdə ancaq problemdənmi danışacaq, yoxsa ölkədəki, dünyadakı hadisələri müzakirə edəcək, oxuduğu kitabdan, izlədiyi filmdən müzakirəmi yaradacaq? Sizi hər fürsətdə qohumlarının evinəmi sürüyəcək, yoxsa ölkə, dünya turunamı aparmağa çalışacaq? İlk günki kimi səmimi olacaq, yoxsa pul ver filan şey alım, filan şey edim, pulun niyə yoxdur? kişi deyilsən, qazan. -deməsin. Özü də işləyib, ayağının üstündə dayansın. Evlilik kiminsə, kimdən asılı olduğu bir cəmiyyət deyil, fərqli insanların birləşib, bir dövlət qurduğu cəmiyyətdi. Yenə ayrı-ayrı həyatları olacaq.
Qarşınızda, uzun dövr sizi gözləyir. Tələsməyin, amma yerinizdə də addımlayaraq zamanınızı hədər etməyin. Bu müddət sizin bundan sonrakı həyatınızın böyük hissəsini bəlirləyəcək. Uğurlarınız bol olsun, amma hər qazandığınız sertifikatı çəkib, uğurum deyə də paylaşmayın. Uğurlarınızı və hədəflərinizi çox yüksəyə qoyun. Əlinizin çatacağı yerdən yüksəkdə olsun ki, ora çatmaq üçün atlamalı olasınız.