ARQONOLOGİYA
Virus, savaş, ardından gələn fəsadları normal bir insan kimi məni də özümdən çıxarır. Təsirinin gücünü 12 ballıq şkala ilə ölçsəm rahat 8 bal verərəm. Bəlkə qarşımda hədəfim və bu hədəflərə çatacağıma inamım olmasaydı, xəbər başlıqlarından birinə adımı yazdıra bilərdim. Düşündüyüm ancaq ölmək, ya başqa bir şey deyil, bəxtsizliyimin orda da özünü doğrultmayacağıdır. Bəzən 16-cı mərtəbədən aşağı baxarkən burdan atlasam mənə heç nə olmaz deyə düşünmüşəm. Amma 5-ci mərtəbədən atlayan birisinin öldüyünü görəndə qərarsız qalıram. Yoxlayaq demək istəsəm də, buna gücüm çatmayıb. Bəlkə mən bu gün yaşayıramsa, həmin gücsüzlüyümə görədir. Bir yazımda "intiharın cəsarət tələb etdiyini" demişdim. Hələ də bu fikrin arxasındayam. İntihar isə tək öz canına qəsd edərək olmur. Bəzən yaşayaraq intihar edirik. Bəzən evlənərək, bəzən təhsil alaraq. Bəzən isə sadəcə susaraq, ya tam əksi, danışaraq. Gülərək də intihar edənlər var. Sakitliyində boğulub, ölən çox insan görmüşəm.
Qarışqa öldürməkdən qorxan birisinin insan öldürməyə vərdiş etdiyini və bundan zövq aldığını görəndən sonra onun da intihar etdiyini gözlərində gördüm. Yazarın yazmaqdan qorxduğu zaman intihar etdiyinin şahidi oldum. Pula görə müdirinin qarşısında sınan, bal üçün müəllimi qarşısında alçalan, ölməmək üçün intihar edəni belə gördüm. Necə antonim cümlələrdir, elə deyilmi? Ölməmək üçün intihar edir.
Yaşadığım cəmiyyət və mühitin mənə göstərdiyi iyrənclikləri bəzən yazır, bəzən susaraq utanıram. Axı yazmalı mövzularım daha fərqli olmalıdır. Heç kəsin ağlına gəlməyən hadisələr məni gözləyərkən, mənim qələmim niyə 18-ci əsrin bitməyən ilində qalıb? Sonra Nobeldən danışırıq. (Bu öz yerində)
Kiçikikən hədəfim o qədər böyük idi ki, yaşlandıqca digər insanlar kimi, bu yazını oxuyub, öz həyatını "şablon"lar içərisində xoşbəxt görən sən bədbəxt kimi hədəflərim kiçilməyə başladı. Bəzən onları dartıb, genişləndirirəm ki, biraz daha genişlənsin, biri ayağıyla badalaq ataraq məni biraz da kiçiltməyə çalışır.
Mənim düşmənim olan milyonlarla insanlar var. Hansı ki, nə onlar məni tanıyır, nə mən onları bilirəm. Bu yazdıqlarıma bəziləri "əhsən" belə yazacaq.
Sabah ya birisi gün siz də xaricə qaçıb, restorana hava almaq üçün girənlər kimi sığınacaq, yaşamağa çalışacaqsanızsa, siz də ölkəni tərifləyib, bu utanclarını gizlədəcəksiniz. Ölkənin iyrəncliklərini onların bilməməsinə çalışacaqsınız. Bəs, sən, şəxsiyyət vəsiqəsinin haqqını verməyən insan, sənin "öz evində həyat yoldaşını döyüb, bu mənim ailə daxili məsələmdir, heç kəsin qarışmağa haqqı yoxdur" deyən dinozavrdan fərqin nədir? "Uğurlarına kölgə salmamaq üçün götündən çıxan poxu da, uğurlu siyasətin nəticəsi kimi görən "çurbanoid"in də uğurlu gələcək nəsilə aidiyyatı yoxdur. Bir zamanlar mənim gözümdə həbsxana cinayətkarların və qanunu pozan insanların toplanıldığı, orda onların utandığını düşünərkən, böyüdükdən sonra tamamilə əksinin olduğunu gördüm. Kimisi ora haqqını tələb etdiyi üçün, kimisi doğrunu dediyi üçün, kimisi isə öz lazımsız nəsilini, soyunu artırmaq üçün istifadə edərkən özünün "axranlığını" etdiyi termin olan "namus"una sahib çıxdığı üçün gedirmiş. İçəriyə vanishlə namusunu təmizləyən primatı qarşısına qırmızı xalça sərərək qarşılayır, alqışla yola salırlar. Qaranlıqdan qorxmurlar, ancaq işıqda öz kölgəsindən qorxur belələri.
Bu gün ölən bir insanın həyatı deyil məsələ. Bir gəncin yaşamıdır mövzu. O qurtuldu. Gərəksiz sıxma-boğmadan, lazımsız insanlarla ünsiyyətdə olmaqdan və onlara arzularını izah etməkdən. Siz intihar edirsiniz hər gün, hər dəqiqə. Bu dəqiqə beynimdə məni dəli edən fikirlər hər saniyə kəndiri boğazıma sarıb, sıxır. Nəfəsim gah gedir, gah da gəlmir. Ölən bir insan deyil, gənclikdi. Lazımsız düşüncələrə görə gedən beyin, həyat, arzulardı. İnsan ölərkən yanında əlavə olaraq 2-3 məzar daha qazmalıdı. Xəyallarını, arzularını, ümidlərini də orda basdırmalıdır.
Sabah bir xəbər daha eşidəcəm. Axşamı daha da birisini. Baxıb, onların yerinə sevinəcəm. Həyatlarını qurtardıqları üçün sevinəcəm. Sonra intihar edəcəm. Hər gün biraz-biraz.