HEYVAN OLMAQ İSTƏYİRƏM
Səs
İçimdən heyvan olmaq keçir. Fərqi yoxdur cinsi, heyvan olsun. Dənizdə üzən bir balıq, yerdə sürünən bir ilan, bütün günü ağacda yatan koalo da, ola bilər. Bəlkə, küçədə zibillikləri eşələyib, yeməyə bir tikə çörək axtaran it olaram, bəlkə soyuqdan titrəyib, isti bir döşək və yanında bir boşqab südün xəyalı ilə tanımadığım evlərin qapısında miyoldayan pişik olaram. Bunlara baxmayaraq yenə də, heyvan olmaq istəyərəm. İnsanlıqdan yorulmuş bir ruh daşıyıram üstümdə. Bundan qurtulmaq istəyirəm. Bir tərəfdən də, onlar kimi düşünmək, onların dünyadakı həyatını onlara görə nə olduğunu başa düşmək istəyirəm. Bir pişik nə deyə yaşayır? Niyə yaşadığının fərqindədirmi? Refleksləri varsa, deməli dərk edir, övladını sevir, deməli sevgini də anlayır. Özünə xas səslərlə dilləri də, var. Amma ən ucqar xalqın dilini, neçə milyon il əvvəlki dili öyrənən bizlər onlar qarşısında acizik?
İşğal
Aramızda niyə qədər məsafə var? Bir hekayə yazmaq istəyirdim, sonra bunu fantastik bir film ssenarisi etməyin daha uyğun olduğunu düşündüm. Əminəm ki, bənzərləri çoxdur. Hekayə “insanların da var olduğu dünyada “insan” adlanan qrupun etdiklərinə görə cəza olaraq dünyaya sürgünə göndərilmələrindən bəhs edir. Dünya o zamanlar pişikkimilər ailəsinə mənsub heyvanların nəzarətindədir. Onlara məxsusdur. Daha sonra insanlar öz dünyalarını olduğu kimi buranı da qarışdırmağı bacarır, onlara dostca yaxınlaşan canlıların hakimiyyətini yox edib, öz iqtidarlarını qururlar. Daha sonra onları qovan rəhbərlərinin (sonradan o tanrı deyə yad ediləcək) onları bağışlaması üçün göylərə onları görməsi ümidi ilə yalvarmağa başlayırlar. Bir gün onları bağışlayacağını, onları aid olduqları dünyaya dəvət edəcəyinə inanmağa başlayırlar. Daha sonra bu arzu istəyə çevrilir. İnsanlar fərqinə varmadan tanrıları yaratmağa, göylərə çatmağa əl atır. Göylərdə axtardığı tanrının əsl kimliyini yavaş-yavaş unutmağa başlayır, göylərə çıxmaq məqsədlərini dəyişirlər. Amma ilk günki istəkləri heç zaman dəyişmir. Bu günümüzə qədər gəlir və eyni məqsəd və eyni arzular yenə hökm sürməkdədir.” Kimisinə mənasız gələcək, bəlkə də, amma düşünərkən insanların məqsədlərinə və istəklərinə başqa bəhanə tapa bilmirəm. Dünyayı mümkün olmayan sərhədlərə bölərək, sonra əlimizin çatmadığı dünyaları bölməyə başlayırıq. Biraz daha öz dünyamıza getməsək, bağışlanmaq, yenə birlikdə yaşamaq yerinə həmin dünyaya savaş açmağımızdan qorxuram.
Soyqırım
Geri dönək, dünyanın əsl sahiblərinə. Onları, həqiqətən, özümüzə kölə etmişik? Bir gün bizə qarşı inqilab etsələr nə olacaq? Yaşamağımız üçün, zövqlərimiz, əyləncələrimiz üçün onları qurban edirik. Görəsən, nə zamansa, dünyada kəsilib, yeyilən milyardlarla toyuqlar, inəklər üçün soyqırım abidəsi ucaldılacaq? Nə zamansa, bir dəqiqəlik sükutla donuzlar yad ediləcək? Atları mindiyimiz üçün bizdən təzminat tələb edəcək?
Bunu edərkən bizim haqqımızda nə düşünürlər? Bizi dost olaraq görürlər, yoxsa sahib kimi? Həyatın harasındayıq? Bizi tanrı deyə görürlərmi? Onların tanrısı nədir? Müxtəlif dinlərə inanıldığı kimi, onlarda da bu mövcuddur? Suallar o qədərdir ki, hər birisini ayrı-ayrılıqda düşünmək və onlara cavab axtarmaq mümkün deyil. Bizim öz dünyamıza çatmaq arzumuzun olduğu kimi onların da öz dünyalarına yenidən sahib olmaq arzusu varmı? Varsa, bunu hansı yollarla görürlər? Bizə qarşı bir ittifaq qurmaq istəsələr nə olacaq? Bu sualı illər öncə “Heyvanıstan” əsərini oxuyarkən düşünmüşdüm. O zamanlar “Garfield” adlı bir pişiyim var idi. Adını boş yerə qoymamışdım. Haqqını verəcək səviyyədə tənbəl, gombul və sarılı-bənəkli idi. Yeməyini 10 metr kənara qoyduğum üçün yerindən qalxıb, yeməyə getməzdi. Məndən başqa da, heç kəsin qucağına çıxıb, oynamazdı. Hekayəni oxuyarkən düşünmüşdüm, Garfield içindən mənə nə deyir? Niyə mən onu anlamıram. Biz dostmuyuq, düşmənmiyik? Sahibi olmaq ağır gəlmişdi mənə. Onun da mənə qarşı çevriliş etmək, fikri varmıydı? Tənbəlliyindən etməzdi bəlkə də.
Dil
Biz insanların dili fərqlidir. Hətta o qədər fərqlidir ki, iki qonşu kənd arasında bəzən fərqli danışıq dili yaranır. Səslərə, sözlərin deyilişinə görə fərqliliyi hiss olunur. Biz belə ikən heyvanlar necə eyni səsdə qala bilirlər? Amerikada hürən bir itin, Fransada mioldayan pişiyin Bakıdakı pişikdən, itdən fərqi nədir? Onları yanaşı qoyanda, görəsən, bizim kimi bir-birilərini anlamaqda çətinlik çəkirlər? Ya eyni dildə danışırlar biz başa düşmürük? Bir arının aylarla əziyyət çəkib, düzəltdiyi şah əsərini bir qaşıqla dağıdıb, yeyərkən kənardan baxıb, bizi əməyini heç elədik deyə söyürmü, yoxsa məhsulunu satıb, müştəri məmnuniyyətini görüb, sevinirmi?
Cinayət
Bəzən yolumun üstü gözüm qəssablara sataşır. Ölümünü gözləyən bir inək, bir qoyun ətrafına baxır. İçimdən onun anlayıb, anlamadığını düşünməyə çalışıram. Üzündən bunu hiss etməyə çalışsam da, anlamaq olmur. Sanki gülüşlərini də əllərindən almışıq. Etiraf edirəm, ət yeyən birisiyəm. Səbəbini bilmirəm. Yeməyimi azaltmağa çalışsam da, bir vərdiş və bağlılıq, məcburiyyət buna əngəl olmur.
Məktəbdə oxuyurdum, səhv etmirəmsə, 9-cu sinif idi. Rayona getmişdik istirahət etmək üçün. Xalamgildə getdiyimizdə bizə toyuq kəsmək istəsə də, evdə kişinin olmaması (inanclarına görə qadının kəsdiyi heyvan mundardır) səbəbiylə mənə kəsdirməyə məcbur etdilər. Əlimə heç zaman bıçaq belə almamış mən, bir heyvan kəsəcəkdim? Kəsdim, amma o heyvanı yeyə bilmədim. Mənə gülüb, kişilikdən dəm vursalar da, özümü bağışlaya bilməmişdim. Yeməklə eynidir. Bu cinayətin hər gün parçasıyıq. Bunu nə inkar edirəm, nə bəhanə gəzirəm.