ŞALVARIMIN CİBİ

Ssenari yazmaq bütün yaradıcılığı öldürür. Yaradıcı tərəfi bir yazıçıya nəzərən çox azdır və sıxıcı gəlir. Hekayənin emosiyasını çatdıra bilmirsən yazarkən. Action-dialoq'la isə bu kifayət etmir. Bunu iş olaraq edəndə isə sənin yazıb, yazmamaq istəyin işə yaramır. Hələki idea başqasınındırsa daha çox sıxılırsan. Buna övladlıq uşaq götürüb, valideynlik etməyə bənzətmək olar. Hər zaman o bağı qura bilmirsən. Əsas fikir sənə tam aydın olmur. Peşəkar adam ideasını kimləsə bölüşməkdən buna görə çəkinmir, çünki kim onu yazırsa, yazsın fikrə onun kimi baxmayacaq. Peşəkar adam da bunu oğurlayanda olduğu kimi oğurlamır. Toxumunu alır, özü əkib, böyüdür. İdeanı olduğu kimi işləməyi istəyəndə isə sıxılırsan. Sənin fəlsəfənə yad olur, yazdığın dəyişilir. Bir film ideadan hekayəyə, sonra ssenariyə köçür. Bunlar fərqli insanlar ola bilir. İdeası başqa şəxsə, hekayəsi başqa şəxsə, ssenaristi bir başqa şəxsə aid ola bilər. Ssenarist yaradıcı olmaya da bilər. Çünki onun işi strukturu qurmaqdır. Dialoqları belə başqa adam yaza bilər. Buna görə ssenarist hissəsində birdən artıq şəxsin adına rast gələ bilərsiniz. Ya tam tərsi ola bilər. Misal, Azərbaycanda əksər serial və kommersiya filmlərinin ssenaristi olaraq 1-2 şəxsin adını görə bilərsiniz. Bu o demək deyilki hamısını onlar yazır. Onlar sadəcə ideanı hazırlayıb, hekayəni qurur və ssenarist qrupu ssenarisini yazır. bu onların əməyinin istismarıdırmı? Bəli. Amma nə edəsən. Bizdə incəsənət qurban tələb etmir, çurban tələb edir.

Yaradıcı şəxslərlə bağlı sizə bir sirr açım. Yaradıcı şəxs fiziki yaşamağındansa, mənəvi yaşamağını üstün tutur. O acından ölə bilər, o öləndən sonra adı yaşasın. Bir filmdə, kitabda, rəsmin altında, musiqidə onun adı hallansın. Adam tanıyıram neçə il pulsuz başqası üçün ssenari yazıb ki, onun adının hallanacağı bir filmə imzası düşsün. Onun dünyası fərqlidir, başa düşülməyəndir. Bəzən gülüncdür. Bəzən tiksindiricidir. Reallıqla barışmaz. Çərçivəyə sığmaz, sığışdırılanda isə sınmağa başlayar.

Yadıma gəlir, yazmağa ilk başladığım vaxt prinsipial idim. Puldan ötrü heç nə yazmaram deyirdim. Sonra bir reklam ssenarisini satmaq üçün görüşə gedəndə şirkət sahibinin Yeraz olduğunu öyrənmişdim deyə özümü Yeraz kimi tanıtmışdım. Pula ehtiyacım var idi və o ssenari tək çıxış yolum idi. (İncəsənətin qəhbəsiyəm bəlkə də). Bir dəfə də, ənkə bozbaş mövzusunda bir ssenari yazmışdım. Altında imzam olmasa da, onlara görə həmişə utanacam. Daha neçə utanacağım iş görəcəyimi bilmirəm. Amma reallıqla barışmağa çalışıram. Ölkəni tanıdıqca savaşıb, qalib gələ bilmədiyimi görüb əllərimi uzadıram ki, təslim oluram.

Müvəqqəti günlər deyə baxıram bu günlərə. Qələmimi verməmişəm hələ, əlimdədir. Bir gün vərəqi də öz əlimə alandan sonra hər şeyin qərarvericisi özüm olacam. Ən azı pula görə yazacağım bir şey olsa, belə bunu məcburiyyətdən etməyəcəm.