YAZIÇISIZ BİRLİK

Lüt yazıçı

Yazıçının susdurulduğu cəmiyyət necə məhv olmuş sayılırsa, yazıçının aciz qaldığı cəmiyyət də məhv olunmuş sayılmalıdır. Kitabını nəşr etməyə çətinlik çəkən yazıçı, pul qazanmaq üçün başqa işlə məşğul olub, hobi olaraq yazıçılıq edən yazıçı heç zaman nüfuzlu bir şəxs ola bilməz, ictimai mövzularda aktiv iştirak edə bilməz. Yazıçı, şair keçmiş dövrdən xalqın səsi olaraq qəbul edilmiş, xalqın dərdini, problemini əsərlərində göstərməsinə görə fərqlənmişdir. Bunu indi bir yazıçıdan gözləmək nə qədər doğru olar? Nəşriyyat çatışmazlığı, qonorarın olmaması torpağı olmayan ölkənin prezidenti olması kimi bir şeyə bərabərdir. Ölkədə özünü nəşriyyat deyə göstərən müəssisələrin sadəcə mətbəə kimi fəaliyyət göstərməsi bu problemin həllini qarşılamır, nə də qarşılamayacaq. Kitab tirajının az olmasının, dünya nüfuzlu beynəlxalq müsabiqələrdə iştirakın olmamasının səbəbi yazıçının zəifliyi deyil, ölkədə şəraitin olmamasıdır. Azərbaycanda yazıçı olmağın tək yolu başqa dildə yazmağı öyrənməkdən keçir. 

Övladı olmayan şəxsə valideyn deyilmədiyi kimi kitabı olmayan şəxsi də yazıçı kimi saymırlar. “Mən yazıçıyam” deməklə və ya yazmaqla məsələ həll olmur. Nə qədər müasirləşsək və elektronlaşsaq da, kitab mədəniyyəti min illikləri keçərək gəlmiş bir ənənədir və mütləq ki, bir neçə ağacın qətlinə fərman verməlidir. O övladı mütləq qucağına almalıdır.

Əlbəttə, ölkədə tək problemin kitab çapı olduğunu düşünmürəm.

Mədəniyyət sahəsi nə qədər özünü siyasət və iqtisadiyyatdan ayrı kimi göstərməyə çalışsa da, xəbəri olmadan həmin sahənin önəmli bir parçasıdır. Hər biri bir-birindən asılıdır və biri olmasa digəri də inkişaf edə bilməz. Müxtəlif ideologiyaların bəziləri birləşdirib, bir yerdə inkişaf etdirməyə, bəziləri isə hər birinin müstəqil şəkildə inkişaf etdirilməsinin tərəfdarıdır. Fikir ayrılıqlarına toxunmaq, hansının haqlı, hansının haqsız olmasını müdafiə etmək istəmirəm. Çünki demək istədiyim bunların hər ikisində olmalı məqamlardır.

Yazıçı tanrı olmalıykən tanrının əmrini yerinə yetirən mələyə çevrilir. Komandir olmalıykən əsgərə döndərir. Hər kəsin “Media haqqında” qanundan şikayətlənməsi bir yerdən sonra məntiqsiz gəlir. Ən azad fikirli şəxs olaraq yazıçını qəbul etsək, onun belə bu hüququ yoxkən siravi vətəndaşın fikir bildirmək azadlığının olmasını gözləmək məntiqsiz gəlir. Jurnalistin belə bir maraq qoruduğunu düşünərsək, burda ən azad fikirli şəxslər yenə yazıçılar sayılacaq.

Öküz boynuzu

Bir dəfə banka kredit üçün müraciət edəndə “kitab nəşr edəcəm” demişdim deyə “təəssüf ki buna görə sizə kredit verə bilməyəcik” demişdi. Mən də hansı şərtlərdə kredit verə biləcəyinizi soruşduğumda “ehtiyaca” görə verilə bilər və bu ehtiyacın qarşılığında müəyyən qazancımın olduğunu göstərməli olduğumu demişdi. Qısaca pula ehtiyacın varsa, pulun olmalıdır demişdi. Mən ali təhsilimi biznes, iqtisadiyyat sahəsində almışam. Çünki dünyanın öküzün boynuzları üstündə deyil, dəyərli kağız parçasının üstündə dayandığını, bu bilgilərə yazıçı da olsam ehtiyacımın olacağını bilirdim. Onlara bir razılaşma təklif etmişdim. Hansı ki ən azı düşünməyə ehtiyacın olduğu bir təklif idi. “Sizə götürəcəyim kreditin qarşılığında göstərə biləcəyim bir mülk, qazanc yeri yoxdur, amma 2 təklif edə bilərəm. Kitabın müəllif haqlarını borcumu bitirənə qədər sizə verə bilərəm, həmçinin sizin bankı sponsor olaraq kitabda reklam edə bilərəm” desəm də qəbul edilməmişdi. İlk zərbədə yıxılmayan birisi kimi bu təklifi bir çox banka təklif etmiş, ürəyim soyumamış şirkətlərə etmiş, nəşriyyatlarla əlaqə saxlamışdım. Amma heç biri bu təklifə müsbət baxmamıışdı. 

Yaramazlar Birliyi

Keçənlərdə bir elana rast gəldim. Yazıçılar birliyi müsabiqə elan edib və yeni üzvlər qəbul edir. Şərtlərə göz gəzdirəndə necə gülmüşdümsə, düşəcəyim metronu qaçırmışdım. Yazıçılar Birliyimizin dünyanın gizli təşkilatı olan Masonlarla əlbir imiş deyə başa düşdüm şərtləri oxuyub, bitirəndə. Bəlkə bu sahədən uzaq birisi olsam, bu ölkədə yaşamasam birliyi önəmli bir yer kimi qəbul edər, onlara bir dənə “vau” qopardardım. Misal, 3 (30 yaşa qədər yazıçılar üçün 2) birliyin 10 ildən artıq üzvü olan “ədib” sənə zəmanət verməlidir. Banklar daha insaflıdı bu barədə. Buna tanışın yoxdursa, birliyə üzv ola bilməzsən deyə şərh verməlidilər. Yaxşı, bu şərtlərin qarşılığında sənə nə vəd verir?

Birlik necə olmalıdır?

Yazıçılar Birliyinin dövlətdən asılı olması onun ən böyük əngəlidir. Bu ona rahatlıq yaratdığı kimi üstünə borc da qoyur. Onun azadlığını əlindən alır və onu “Saray Yazıçılar Birliyi” halına gətirir. Söz azadlığını, fikir azadlığını əlindən alır. Olur bir ağız.

Asılılıq aradan qalxarsa, necə fəaliyyət göstərməlidir? -sualına isə bir dövlət kimi cavabını vermək olar. Seçkiylə, hər 5 ildən bir seçilən və 2 dəfədən artıq rəhbər ola bilməyəcək bir sədr və birliyin strukturu formalaşmalıdır. Bu heyətə yalnız yazıçı olanlar cəlb olunmaya da bilər. Niyəsini “necə olmalıdır?”a cavab verərkən tapacıq.

Birlik həm təhsil, həm istehsal, həm satışla məşğul olmalıdır. Bir dövlətdə olmalı olan nə varsa, burda da o qorunmalıdır. Bu necə baş verəcək?-sualını açaq. İlk öncə nəzdində yaradılan nəşriyyat yalnız birliyə üzv olan yazıçıların kitablarını çap edəcək və bunun satışını özünə tabe olan mağazalarda və ya tanınmış digər mağazalarda həyata keçirəcək. Bununla pul dövriyyəsini təmin edəcək. Yazıçının kitabının müəllif haqqı birlikdə olacaq və yalnız bu kitabdan qononrar alacaq. Nəticə etibarı ilə həm yazıçı kitab nəşr etmək problemindən qurtulacaq, həm də birlik öz qazanc yerini təmin edəcək. 

Yazıçının birliyə üzvlüyü nə zəmanət verən şəxslə, nə digər vasitələrlə olmalıdır. Şəxslər birliyin institutunda yetişərək qəbul ola və ya birbaşa qəbul olmaq istəyən birliyin komissiyasından keçərək üzv ola bilməlidir. Burda yazıçının əsərləri qiymətləndirilməli və onun şəxsi kimliyi nəzərə alınmamalıdır. Nəzərə alınması onun yalnız idarə etmə heyətində olması halında ola bilər. Çünki o zaman o artıq birliyin dilindən danışacaq və dediyi nifrət nitqi, təhqir birliyin görüntüsünə zərər verə bilər. 

Birliyin nə qazancı, nə də fəaliyyəti yalnız bundan ibarət ola bilməz. Birliyin nəzdində institutlar formalaşmalıdır. Bu institutların içində müxtəlif istiqamətdə dərslər tədris olunmalıdır. Azərbaycan dili, ədəbiyyat nəzəriyyəsi, ideologiyalar haqqında biliklər verilə bilər. Bu sayədə yazıçı tək yazaraq öyrənməyəcək, öyrənib yazmaq imkanı da olacaq. Ədəbiyyatı, mədəniyyəti tanıyacaq. Müxtəlif ölkənin ədəbiyyatları ilə tanış olmaq şansı olacaq. Birlik həmçinin fars, ingilis, rus dilində dərslər tədris edə bilər. Bu tədrisin ödənişli və ödənişsiz olaraq iki hissəsi ola bilər. Eyni universitetlərdəki kimi buna görə müəyyən yer ayrıla bilər. Digər bir tərəfdən birliyinə lazım olan qeyri-yazıçılar da lazımdır. Misalçün, kitabın nəşrində iştirak edəcək, onun marketinqini aparacaq, reklamında iştirak edəcək şəxslər.

Birlik həmçinin əməkdaşlıqlarını genişləndirməli, yazıçılarını beynəlxalq səviyyədə tanıtmalıdır ki, özünə daha çox maraq çəkə bilsin. Yazıçılar birliyə üzv olmağı utanc kimi görməsin, ona üzv olmaq üçün çalışsın. Maraq göstərsin. Belə olduğu halda birliyə maraq həm daxili auditoriyada artar, həm beynəlxalq məcrada. Müxtəlif donorları özünə çəkə bilər, reklamlar götürərək əlavə qazanc əldə edə bilər. Bununla bərabər yazıçıların olduğu kitab klubları, kofe evləri də həm oxucularla görüş üçün, həm onların istirahəti, həm oxucuların yazıçıları görməsini çəkə bilməsi üçün həvəsləndirici rolunu oynaya bilər. 

Bununla yanaşı regionlarda dövlət kitabxalarıyla əlaqə saxlayıb, kitablarını onlara sata bilər. Bununla həm regionlardakı birliklər arasında kitabların mübadiləsi baş tutar, həm yazıçının daha çox kitab satmaq şansı əldə etmiş olar. Burda başqa bir sual çıxır, daha doğrusu bu sual biraz siyasi tərəfə aiddir ki, bu kitabı kim alacaq? Dövlətin bu kitabı almaqda marağı niyə olmalır? Kitabxanalar kimin nəzdindədirsə, o almalıdır. Mən bunu bələdiyyələrin üstünə atmağı doğru görərdim, onların sisteminə daha uyğundur. Onlar bu kitabı alıb, necə qazanc əldə edəcək? Əlbəttə, abunəlik haqqı ilə. Həmçinin müxtəlif ianələr toplamaq, tədbirlərə təşkilatçılıq etməklə. 

Yazıçının düşüncəsində “bu kitabı necə nəşr edəcəm?”, “nəşr edirəm də, sata biləcəm, görəsən?” suallar olmamalıdır. “Növbəti nə yazmalıyam?”, “dünyada nələr baş verir?” olmalıdır. Nə qədər ki madidi problemlərlə məşğul olacaqsa heç vaxt yazıçı olmağı bacarmayacıq. 

Sınan qələm deyil

Sınan yazıçının qələmi deyil. Yazıçı heç zaman sınmaz. Çünki sınan birisi heç zaman yazıçı olmağı seçməz. Yazıçı olmağı seçən birisi necə çətin bir işi gördüyünü, bunun qarşılığında necə az dəyər görəcəyini bilir. Hətta şəraiti təmin olunan yazıçıya da aiddir bu fikir. 

Son olaraq yazıçının cəmiyyəti dəyişmək fikrində, nə də ixtiyarında olmadığını demək istəyirəm. Bu fikirdə olan insanlar nə məqsədlərinə çatacaq, nə də nə istədiklərini başa düşəcəklər. Yazıçının işi düşündüyünü, gördüyünü, görmək istədiyi kimi yazmaqdır. Sonrasını nə düşünər, nə maraqlandırar. Əgər bunu düşünsə, özünə senzura qoymuş olar ki, bu onun yaradıcılığını və yazıçılığını bitirəcək. Qalmaqal isə onun uğurunun bir parçasıdır. Əsəri səs gətirdisə buna görə sadəcə sevinməlidir. Əvvəli olmadığı kimi sonu olmayan bir iş görür. Bu yolda ayağına irişən ilk əngəldə büdrəsə bütün yolu axsayaraq gedəcək. Ayaqqabısını çıxarmalı və irəliləməlidir.