PROBLEM SUDUR

Bu gün dünyanın diqqət mərkəzinə çəkmək istədiyi məsələlərdən biri də bitmək üzrə olan su ehtiyatlarıdır. Bütün dünyanın həyəcan siqnalı çalmasına baxmayaraq hələ də biganə yanaşılan mövzuyla bağlı ciddi addımlar atılmır. Nüfuzlu beynəlxalq təşkilatlar “Təbii Su Ehtiyatları”nın yaxın 50 il ərzində bitmə təhlükəsi ilə üz-üzə qalacağını deyir. Dünyada baş verən təbii proseslər və insan amilləri bu prosesi daha da sürətləndirir. 

Bu problem ölkəmizdə də təhlükəli həyəcan siqnalı çalır. Mütəxəssislər qrunt (yeraltı) və yerüstü su təbii su ehtiyatlarının əvvəlki illərə nisbətən azaldığını və zamanla da daha da azaldığını deyirlər. Azərbaycanda şirin su ehtiyatlarının 70%-nin mənbəyi ölkədən kənarda olduğu üçün buna tam nəzarət mümkün deyil. Digər ölkələrdə baş verən proseslər də şirin su ehtiyatına təsir etməkdədir. Ölkədə baş verən iqlim dəyişikliyi və sudan səmərəsiz istifadə bu təsiri daha da böyüdərək fəlakətə aparır. 

Yeraltı sular azalaraq meşələrin məhv olmasına, torpağın nəmliyinə, bulaqların qurumasına səbəb olur. Su ehtiyatlarının tükənməsi yalnız insanlar üçün deyil, təbiət heyvanlarının da içməli su tapa bilməməsinə, yaşadıqları ərazilərin quraqlaşmasına gətirib, çıxarır. 

Mütəxəssislər bunu önləmək üçün addımlar atdıqlarını desələr də tam nəzarətə götürülə bilinməyəcəyini, buna gücümüzün çatmadığını deyirlər. Kənd təsərrüfatında istifadə olunan suvarma kanalları və sənayedə istifadə olunan suların səmərəli istifadəni təmin etməklə bu problemin bir hissəsini önləmiş ola bilərik. Kənd təsərrüfatında yetərsiz və zəif suvarma kanallarının olması suvarma zamanlarında suyun bir hissəsinin itkisinə səbəb olur. 

İqlim dəyişikləri ilə bağlı atılan addımlara baxmayaraq hələ də fəlakət öz aktuallığını qoruyur. Sudan səmərəli istifadə etmək üçün insanlar arasında təbliğatın zəif olması da bunun əsas səbəblərindən biridir. Sudan qənaətlə istifadəni və sudan mümkün olduğu qədər təkrar istifadəni təmin etməyin gərəkli olduğu ilə bağlı təbliğat tədbirləri keçirilməlidir. 

Tullantı sularının təmizlənməsi və bu sahəyə kapital qoyuluşlarının artırılmasına maraq göstərilməsinin lazımlı müsbət amillərdən biridir. Su hüquqları üzərində tənzimləmələrin, qanunvericiliyin vəhdəd gətirməməsi və  özəl sektorun su layihələrinə geniş imkan yaradılmaması problemi bütün yükünü, əsasən, dövlətin üstünə salır. Bu barədə keçən il Selcan Əhmədlə birlikdə apardığımız araşdırma zamanı maraqlı məqamları öyrəndik.
Hidroloq, texnika üzrə fəlsəfə doktoru, Azərbaycan elmi-tədqiqat su problemləri institutunun “su ehtiyatları və sudan istifadə laboratoriyası”nın şöbə müdiri Qara Cəfərovla söhbətimiz zamanı Beynəlxalq sudan istifadəylə bağlı Konversiyalara Azərbaycanın qatıldığını, amma qonşularımız Ermənistan və Gürcüstanın qatılmadığına görə həmin ərazilərdən Azərbaycana gələn sularla bağlı bir şey deyə bilmədiyimizi demişdi. Həqiqətən də, Azərbaycan təbii su ehtiyatlarının böyük əksəriyyətinin xaricdən gəlməsi Azərbaycan üçün gələcəkdə problem yarada biləcəyi mənasına gəlir. Dünyada artıq növbəti savaşların içməli su üstündə olacağını düşünsək Azərbaycan bu mövzuda asılı dövlət halına düşə biləcək ölkələrdən olacaq.

Qafqazın təbii su ehtiyatı bölgüsünə görə Azərbaycan istər Gürcüstandan, istərsə də, Ermənistandan geridədir. Azərbaycanın 30 milyard kubmetr olduğu halda bu suyun böyük hissəsi bizə çata bilmir.  Qara Cəfərovdan öyrəndiyimiz digər məqamlardan biri də bu suların əkində istifadəsi ilə bağlı idi. Qara bəy əkin sahələrində istifadə olunan kanalların Sovet dövründən qaldığını və onların torpaq məcralı olduğunu, onların yenilənməli, suvarma zamanı torpaqda götürülən suyun 30-35%-i sızaraq itkiyə gedir. Yeni texnika və texnologiya Azərbaycana gətirilməli olduğunu və suvarma kanallarının betonlaşdırılmalı olduğunu, bunu isə bir dəfəyə etmək üçün maliyyə və işçi heyətinin olmadığından zamana ehtiyac olduğunu demişdi. 

Fikirlərini bizimlə bölüşərkən bu sahədə mütəxəssislərin azlığından, olanların da bu sahədə geniş araşdırma apara bilməməsindən gileylənmişdi. Qeydləri zamanı əgər düzgün istifadə edə bilərsək, öz ehtiyaclarımızı ödəyə bilərik demişdi. Çayların çoxluğu və hər birində tədqiqat aparıla bilməməsi, onlardan düzgün istifadənin mümkün olmaması buna mane olur. 

Digər problemlərdən biri də, ölkəyə daxil olan suyun çirkli daxil olmasıdır. İstər sənaye tullantıları, istər kanalizasiya tullantılarıyla bərabər ölkəyə daxil olan istifadəyə yararsız olur. Beynəlxalq konvensiyalara əməl etmək və ölkələr arası razılaşmalar əldə edilməlidir.  

 

Kənd təsərrüfatında müşahidə etdiyim məqamlardan biri də, kəndlilərin çaylardan öz imkanlarına istifadəsidir. Öz hesablarına yaratdıqları arxlar və kanallar vasitəsi ilə düzgün istifadəni tənzimləyə bilmir və ehtiyatlarından artıq şəkildə itkiyə yol verirlər. Bu yalnız istifadə zamanı deyil, suyun axıdılan zamanı torpağa hoppasını da hesaba qatmaq lazımdır.

Dövlətin 2-ci Qarabağ müharibəsindən sonra ordakı su ehtiyatlarına çatması su probleminin bir hissəsini həmin ərazi ilə təmin etməyi düşündürsə də, bu yenə də problemin həllini ödəməyəcək. Həmin ərazilərin ehtiyatları və bütün ərazidə suyun olmaması eyni problemi saxlayacaq, bəlkə daha da artıracaq. Qeyd edək ki, azad edilmiş ərazilərdə təbii su ehtiyatının 2 milyard 508 milyon kubmetr çay suları mövcud olduğunu qeyd etmişdilər. 

Bakı Dövlət Universitetinin “Hidrogeologiya və mühəndis geologiyası” kafedrasının dosenti Esmiralda Məmmədovanın fikrincə, “Ehtiyatı az olduğundan Kürün suyu Sabirabada qədər güclə gəlib çatır. O baxımından Xəzər dənizi artıq Kür çayının yatağı üzrə 40 km hərəkət etməyə başlayıb.  Buna görə də Sabirabad, Salyan ərazisində əhalinin suya olan tələbatı artıb, su çatışmazlığı mövcuddur. Su problemi, xüsusilə içməli su problemi artıq siyasi problemə çevrilib”. Sosial medialarda gördüyümüz Səlyan rayonunda çayın quruması yeni deyil və bunu illər öncədən müşahidə edilib. Bu barədə əsaslı addımın atılmaması və ya atıla bilməməsinin nəticəsini isə hazırda həmin ərazidə sudan istifadə edən təbiət, insanlar və heyvanlar ödəyir. 

Su problemlərinin həllini dövlətdən gözləmək olmaz, hər şəxsin öz üzərinə məsuliyyət götürüb, daha səmərəli istifadə ilə, bu barədə təbliğat aparmaqla fəaliyyət göstərə bilər. Bəzi mütəxəssislər suyun fasiləsiz verilməsini dayandırmalı, fasilələrlə suyun verilməsinə keçid etməli olduğumuzu səsləndirir. Bununla suyu boşa israf etməmiş olacağımızı düşünürlər. Dünyanın su problemi yaşanan ölkələrində bu kimi addımlar atılır. “National geographic”in hazırladığı bir sənədli filmdə dünyada su problemi başlayarsa,  gündə insanların yalnız 25 litr su istifadə edə biləcəyini və bununla nələrin mümkün olacağını göstərmişdi. Filmi izlədikdən sonra buna çalışsam da, günün yarısı keçmədən ehtiyatımı bitirmişdim. 

Su problemlərinin həllini dövlətin həll edə bilmədiyi halda buna özəl şirkətlərin, sahibkarların cəlb edilməsinə maraq göstərilməməsinə təəccüblə yanaşıram. Maddi marağın olduğu hər sahədə aktivlik yaratmaq mümkündür. Kanalların yaradılmasını, suvarma sistemlərini özəl şirkətlər və bələdiyyələr arasında əlaqələr yaradaraq bu problemi həm həll etmiş olacaqlar, həm də bunu dövlət yükündən qurtarmış olacaqlar. Azərbaycan müstəqillik qazandıqdan sonra kapitalizmə keçid etsə də, düşüncəsi və beyini hələ sosializmdə qalmış dövlətdir. Dövlət olaraq hər işi görə biləcəyinə və görməli olduğuna inanır və etdiyinin səhv olduğundan dönmür. Nəticə olaraq həm iş görə bilmir, həm vəziyyəti daha çətinləşdirir. Amma bu inadından əl çəkməli və tək bir sahədə deyil, bütün sahələrdə özəlləşdirmənin imkanlarını genişləndirməlidir. Su problemini istər dövlət, istər əhali arasında ciddiyyətinin olmamasının ilk səbəbi bu problemlə hələ də heç kəsin ciddi qarşılaşmamasıdır. Çətinliklə də, olsa günlük içməyə su tapmaları yaşana biləcək problemin maksimum elə olacağı görüntüsünü yaradır. Heç kəs bir gün gələcək və insanların 1 litr su belə tapa bilməyəcək ehtimalını düşünmür. Bu da, onlarda rahatlıq yaradır. Bunun olma ehtimalını insanlara çatdırmaq və səmərəli istifadəni daimi olaraq vərdiş hala gətirmək lazımdır. Dünya bizim evimizdirsə, fərqi yoxdur harasında problem baş verir, nəticəsi hər birimizə təsir edəcək. Əgər su problemi yaşanırsa dünyanın istənilən bir yerində, bunu görməməzlikdən gəlmək olmaz. Sıra zamanla bizə gələcək. Gec deyilkən tədbirlər görməli və hazırlıqlı olmalıyıq, yoxsa bizə çatanda hər şey üçün gec ola bilər. 

 

Qeyd: Postda istifadə edilən çayın şəkli sosial mediadan götürülmüşdür. Müəllif haqqına sahib deyiləm.