MÜHARİBƏNİN SİLAHSIZ QALİBLƏRİ

Hər kəs öz səviyyəsinə uyğun yazdı, danışdı, son sözü mən deyim. 

 

Bu qədər çirkinliyin içərisində tək gözəl gördüyüm etdiyimiz müzakirə və onun nailiyyətidir. Biz “Niyə #NoWar” müzakirəsini hələ edib-etməyək deyə düşünərkən bu qədər səs salacağını, gündəm olacağını düşünmürdük. Maksimum düşündüyümüz 1-2 gün gündəm olar, biraz paylaşılar və gündəmdən düşər idi, amma bir müzakirənin bir ay ərzində danışılması, mediaların, TV-nin, həttta “millət vəkili” səviyyəsində danışılması onu göstərdi ki, bu əslində çox önəmli bir məsələ imiş. Bu müzakirə ilə çox şey aydın və qətiləşmiş oldu. Hissə-hissə həm bu müzakirədən və onun doğurduğu nəticələrdən bəhs edəcəm.

Müzakirənin məqsədi etdiyimiz paylaşımda da göründüyü kimi sadəcə 2020-ci il müharibəsi zamanı bölünmüş və sonra da normal müzakirə mühitində toplaşa bilməyən qütblərin bir araya gətirilməsi, mövzu və suallar ətrafında müzakirə etməsi idi. Yaxşı-pis bunu bacardıq deyə bilərəm.

Sonra nə baş verdi? Hakimiyyətin nə xoşuna gəlmədi ki, bizə qarşı belə bir kampaniya başladıldı? Kampaniya çox çirkin idi. Bunun başqa adı yoxdur. Mənə görə bu müzakirəyə qarşı belə bir kampaniyanın başlamasının fərqli səbəbləri var. Bunun birinci səbəbi, əlbəttə, razılaşdırılmamasıdır, çünki Qarabağ və müharibə mövzusu dövlətin diqqət etdiyi, önəm verdiyi bir mövzudur və ondan kənar şəxs və qurumların bu haqda danışmasını istəmir, çünki nə danışacaqlarını, nə deyəcəklərini bilmir, idarə etmir. Kənar şəxslərin aktivliyi, fikir səsləndirməsi isə “alternativ fikir” yaratmış olur ki, bu da dövlətin göstərdiyi yola xəyanətdir. Onun mexanizmi belədir ki, mən bir yol açıram və bu yoldan gedən şəxslər təhlükəsizdir, bu yolda “söz azadlığı” qorunur. Bu yolda sən hərfləri dəyişib, fərqli söz işlədə bilərsən, amma cümlən mənim göstərdiyim yoldan kənar çıxmamalıdır. Mən isə bunu belə şərh edirəm: “Azadlıq bizim nəyisə rahat edə bilməyimiz deyil, etdiklərimiz arasında çoxlu sayıda seçimin olmasıdır. Bizə yalnız bir yol buraxıb, burdan getməyimiz istənilsə və biz gedərkən bizə mane olunmursa bu bizim azad olduğumuz mənasına gəlməz. Azadlıq geniş, fərqli, rəngarənglik istəyir”. Biz bu yoldan çıxdıq və cəza olaraq bizə qarşı bu edildi.

Digər bir səbəb isə paxıllıqdır. Bəli, bəli, bizi paxıllandılar. Onların nəzarətində olmaması, icazəsiz keçirilməsi, onların fikrinin səsləndirilməməsi, seçdiyi şəxslərin rəhbərlik etməməsi bir yana, düşünmədikləri qədər insan toplanmışdı. Mən universitet zamanı hakimiyyətin nəzarətindəki təşkilatların təşkil etdiyi layihələri görmüşəm, güclə, qiymətlərdə şirnikləşdirmə ilə uşaqları tədbirlərə cəlb edirdilər ki, say çox görünsün, gələnlər isə aktiv olmaz, vaxt keçirmək üçün, sertifikat və ya orada olmağın gələcəkdəki həyatlarına təsir edəcəyi ümidi ilə iştirak edərdilər, amma heç bir dəstəyi olmayan, öz başına müzakirə keçirən 3 şəxsin bir otağa 50 şəxs toplaması xeyli narahatlıq doğuran məsələdir. Özləri hələ şəbəkə quraraq, milyonlar tökərək 20 nəfəri könüllü toplaya bilmədiyi halda bunu edənlər bəlkə də paxıllıqlarına səbəb oldu, kim bilir?! Mən 50 nəfər deyirəm, amma onlara görə bu daha çoxdur, hətta həmin müddətdə həbsxanada olan Afiəddin Məmmədov da onların dediyinə görə müzakirədə iştirak edibmiş. “Göndərilən” şəxsləri çıxarmamaqda məqsədlərdən biri də bu idi ki, onlar gəlib özləri görsün ki, nə gizlədəsi, nə utanc kimi gördüyümüz heç nə yoxdur. İzləmək istəyirsiniz, izləyin, özünüz şahidi olun. Quru bir görüntüdən başqa sizin əlinizə heç nə keçməyəcək. 

“Dövləti ayrı dəyərləndirməli, hakimiyyətin mövqeyi ilə bir tutulmamalıdır” deyənlər bunu alternativ fikir bildirənlərə deyil, hakimiyyətə deməlidir ki, həmin fikir bildirən şəxslərə mane olmasın. Olmasın ki, onların fikrinin dövlətəmi, yoxsa hakimiyyətəmi qarşı olduğu görünsün. Buna isə cəmiyyət cavab versin. Əgər əmindilərsə ki, onları dəstəkləyəcəklər, bundan niyə qorxurlar? Bunun tək cavabı var, onlar dəstək istəmirlər, onların dediyi sözün edilməsini istəyirlər. Yəni xalqın dəstəyi ilə nəsə etmək deyil məsələ, onların etdiklərini xalqın dəstəkləməsidir önəmli olan. Bu gün demokratik seçki mühiti yaransa, Əliyev seçilməzmi deyə düşünürsünüz? Məncə, başa-baş apara bilər seçkini, hətta qazanma ehtimalı da var. Niyə etmir? Əgər seçiləcəyini həqiqətən hesablayıb, düşünürsə, nədən qorxur? Cavab: Qorxmur, bunu etmək istəmir. Edərsə, “seçilmiş” olacaq, halbuki seçilmək deyil dərdləri. 

 

Bunu edərək nə sübut etdilər?

 

Olanlar onu göstərdi ki, Azərbaycanda söz “tək” olsun istəyirlər, hakimiyyətin fikrindən kənar fikrə nə açıqdılar, nə də dözümlüdülər. Bu ola bilsin pis bir fikirdir, amma azadlıq hər fikrin səsləyişini sərbəst etməlidir, buna mane yaradılır, böhtanla gözdən salmaq istəmək, yalanla şərləmək özü əxlaqsızlıqdır. Buna adi şəxslərlə yanaşması heç də narahat etmir. Tam tərsi bu mənim üçün də maraqlıdır ki, toplumda bu kimi müzakirələrə, yanaşma necədir. İnsanlar müzakirə edərək həll axtarmağa maraqlıdır, yoxsa kiminsə önə keçərək məsələni ələ almağını, onun iş görməsini istəyirlər, amma tez-bazar medialarda xəbəri tirajlayıb, mövzunu “xain”, “xəyanət” adlandırmaları, buna dövləti təmsil edənlərin də şərh bildirməsi artıq bu cəmiyyətin nə düşündüyünün əslində önəmli olmadığını göstərdi. Cəmiyyət bəlkə də məsələnin həllini müzakirə edərək, nəticə axtararaq istəyə bilər, amma atılan addım cəmiyyətin düşünməsinə, müzakirə etməsinə icazəsinin olmadığını göstərdi. 

Necə yəni 3 şəxsin təşkil etdiyi, heç bir dövlət səviyyəsində və ya qərarverici ixtiyarı olmayan 50 şəxs bu qədərmi təhlükəli oldu dövlət üçün? Hakimiyyət həqiqətənmi həmin şəxslər qarşısında özünü çarəsiz hiss etdi ki, onları düşmən elan etdi. Axı güclü onlardır. İstər resurs, istər qanun, istərsə də “son söz” hökmü həmin şəxslərdədir. Silahlı gücündən tut, məhkəməsinə qədər, hətta müharibənin olmasını dəstəkləyənlərin sayına qədər. Müharibəni başladıb, bitirənlər onlar deyil?

“Niyə bu kimi müzakirələr keçirilmir?” sualının cavabı idi bizim müzakirə. İcazəsi yoxdur, icazəsiz edilərsə, nəticəsi nə olacaq deyə göstərdilər. İştirakçılar arasında müharibəyə dəstək olan şəxslərində hətta müharibəyə qarşı çıxdığı kimi göstərilməsi və onların da “xain”  adlandırılması başqa bir komediyadır. Demək məsələ şəxslərin dedikləri fikir deyil, harada dediyidir. Halbuki həmin şəxslər onların fikirlərini müdafiə etmişdi. Müharibənin doğru olduğunu demişdi. Bəs onlar niyə xain adlandırıldı? 


 

Sülh istəyirik?

 

Müzakirənin özünə verilən reaksiyadan bu cavab tapmaq olar. Müzakirə haqda gedən yazılarda “müharibəyə qarşı çıxan” şəxslər olaraq ifadə edilib, sonra bunun üstündən pisləyirdilər. Məgər müharibəyə qarşı olmaq pis şeydir? Yoxsa “müharibə olmasın” demək cinayət yüklü ifadədir? Belə yanaşma edərək özlərinin əslində elə müharibəyə tərəfdar olduqlarını göstərdilər.

“Vətənə xəyanət”, “vətəni satmaq” ifadələri hakimiyyətin istifadə etdiyi, amma artıq heç bir effekti olmayan bir ritorikadır. Birincisi ona görə ki, hər kəsi xain, satğın adlandıraraq artıq bu cəbhəni gücləndirib, hətta bu ifadələri zarafat halına salıblar, digər tərəfdən isə “Vətən” nədir?-sualını bizə düşündürməyə məcbur buraxır. Mənim bildiyim qədər nəyisə satmaq üçün ilk öncə ona sahib olmalıyıq. Gəlin birlikdə düşünək, biz “vətən”ə sahibik? Bəlkə Stalin dediyi kimi vətənə qiymət kəsib, satmaq fikrində olanlar biz deyil də, bizi bu adla ittiham edənlərdir.

Məni yazılar arasında ən çox güldürən yazı “millət vəkili” Kamal Cəfərovun yazısı idi, bizi xəyanətkar adlandırmasından sonra Rəsulzadəyə bənzətməsi oldu. Rəsulzadəyə qarşı belə bir yazı yazmasının məğzi cəmiyyətdəki “Rəsulzadə sevgisi”nə zərbə vurmaq olsa da, öz silahı ilə özünü vurmuş oldu, tam tərsi gündəm ona tərəf çevrilərək hədəf oldu. Əlbəttə, onu qınayanların böyük əksəriyyəti bizi müdafiə etmədi, heç adımızı da çəkmədi. Yazsalar bizi də qınamalı idilər deyə yaxşı halda yazmamağı seçmişdilər. Rəsulzadəyə bənzədilmək isə mənim üçün nə bir utanc, nə bir ayıbdır. Səhvi ilə, doğrusu ilə dövlət yaradan şəxslərdən birisidir, onunla adımın bir yerdə hallanması məni sadəcə sevindirə bilər ki, demək doğru yoldayam. Bu gün məni qınaya bilərlər, mənim səhv olduğumu da deyə bilərlər, amma tarixin səhifələri irəlilədikcə bəlkə də fikrim daha aydın izah ediləcək və başa düşüləcək. 

Buraxaq sizi, bizi söysünlər. Özlərini və fikirlərini göstərsinlər. Bu heç də pis bir nəticə deyil. Sənin fikrin, düşüncən müzakirə edilirsə, tənqid edilirsə, demək dəyərlidir. Səhv və ya doğru. Mövqe səhv də olsa, bunun qarşısı alınmamalı, buna əks olaraq arqument və əks mövqe qoyulmalıdır sadəcə. Yoxsa onun qarşısını almaq, ona müharibə açmaq qorxaqlıq, acizlik və bacarıqsızlıq deməkdir. “Mənim sənə deməyə sözüm yoxdur, amma səndən güclüyəm və bundan istifadə edəcəm” deməkdir. Müxalifləri söymək asandır, ya da Qarabağla bağlı “no war” deyənləri linçləmək, çünki dövlətin nəsə etməyəcəyini, cəmiyyətin bunu qınamayacağını bilirsən, sən də bunun üstündən özünə reytinq yığırsan. Söhbət daha ciddi, sosial məsələlərə gəldikdə həmin şəxslər yoxa çıxacaqlar. Bu sözü deməyə icazə varmı? Qarabağdan danışmağa, hakimiyyətin dediyi sözləri təkrarlamağa nə var?! Digəri təhlükəlidir. Çünki bu mövzularda nəsə yazsalar onları da oxşar təhlükənin gözləyəcəyini bilirlər. Ortada bərli-bəzəkli, yağlı-tikəli Qarabağ mövzusu varkən öz “vətəndaş mövqelərini” niyə təhlükəyə atsınlar? Kimsə Qarabağdakı erməniləri söydüyü üçün, onlara qarşı sərt nəsə dediyi üçün onları cəzalandırmaz, ya Qarabağdakı ermənilərin da haqlarının olduğunu deyən bir azərbaycanlıyı söydüyü üçün heç zaman DTX-a çağrılmazlar. 

Müharibəyə qarşı çıxanları söymək qəhrəmanlıq sayılır, çünki onların haqlı mübarizəsinə kölgə salırlar, bəs, müharibədən sonra intihar edən qazilərə səs çıxarmamağın adı nədir? Ya digər haqsızlıqlara? Vətən 3-5 nəfərin sadəcə toplaşıb fikir bildirməsiylə təhlükəyə düşür? Axı haqlı müharibənin qurbanlarına qarşı edilənlər də bunun bir parçasıdır. Onlardan vuruşmağı, ölməyi istəyərkən hər şeydən dəyərli olan canlarından keçməyi istəyərkən qarşılığında nə vəd veririk? İnsan həyatından dəyərli nə ola bilər? 

Biz münaqişənin bitməsini istəyiriksə, bunun həllini necə görürük? Bu haqda “Qarabağ münaqişəsinin sülh pəncərəsi” yazıma keçid edərək, oxuya bilərsiniz, izah etmişəm, təkrar yazmaq istəmirəm, qısa şəkildə desək adi bir müharibə əleyhinə olan müzakirəyə belə reaksiya verib, “xain” ovuna çıxırlarsa, erməniləri nə deyə inteqrasiya etdirəcəklər? Ya bu inteqrasiyadan sonra da onlarla əməkdaşlıq edəcək şəxslər və təşkilatlara necə yanaşılacaq? Yenə xain, xəyanətkar şəbəkəmi olacaqlar, yoxsa başqa cür adlandırılacaqlar?  


 

Müxalifətdə çörək yoxdur…


 

Vaxtıyla meydanda haqqını tələb edənlərin, sonra haqqı yaltaqlıqda axtardığını görəndə düşünürəm. Nə qədər təklif etdilər, ya harda artıq bezib cəbhəni dəyişdilər? Haqq deyərkən əvvəl də pul nəzərdə tuturdular, yoxsa sonradan onlar üçün “haqq” dəyişdi? Haqq deyərkən onlara düşən payı başa düşdülər. İllərin mübarizəsi, illərin sözləri sonra necə oldu da dəyişdi? Belə insanlar əslində əvvəl də əxlaqsız olduqlarını göstərsələr də, bürükdükləri cilddə özlərini toxunulmaz saxlaya bilirlər, amma adlarını necə təmizə çıxarmağı bacarırlar? Keçmişə, yaxın keçmişə baxdıqda onların ağzından axan cəsarətli sözlərin bir nəfəsə dəyişdiyini görüb, onların əslində kim olduğunu görürük. Şərait, hətta ayaqüstə dayanmaq çox çətindir. Heç nə ilə mübarizə aparırsan. Səni dik saxlayan ayaqlarına da güvənin itir.  Onlarla mübariz olub, sınan insanlar var, hansı ki, zamanında etdikləri “iz” olub, amma bu gün hardadılar? Bir gün adımın onlarla eyni sırada hallanmasından, özümün də sınmağımdan qorxuram. Özümə güvənirəm, amma bu sözüm bu gün üçün qüvvədədir, sabaha necə qaranti verəcəyimi bilmirəm. Bu da insanı qorxudur. Bu gün isə rahatam. Nə gördüyüm işə görə, nə düşüncəmə görə peşman olacaq nəsə etməmişəm. Səhvlərlə böyüyür, var oluruq. Bizi doğrularımız deyil, səhvlərimiz böyüdəcək və cəsarətimiz.

Xain deyə bilərsiniz, xain sayılmağım bu rejimə, bu qərarlara görədirsə, deyin, bunun adı xainlikdirsə, qəbul edirəm, amma əmin olun ki, bu ölkəni sizdən daha çox istəyənlərdir həmin xainlər. Bir vəzifəyə, 3-5 manata, ya gücə satmayıblar. Buna görə aradakı fərqi bu gün müqayisə etdikdə bəlkə güclü görünə bilərsiniz, amma doğru deyilsiniz.